"Patent haqqında" Azərbaycan Respublikasının Qanunu

 

Patent haqqında

Azərbaycan Respublikasının Qanunu


Qəbul edilmişdir: 10 iyun 1997-ci il, № 312-IQ.
Əlavə və dəyişikliklər: 1. 30 aprel 2004-cü il, № 643-IIQD;
2. 23 dekabr 2005-ci il, № 32-IIIQD.
3. 20 oktyabr 2009-cu il, 893-IIIQD


Bu Qanun ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə əlaqədar yaranan əmlak münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir.

I Fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır:
ixtira - istənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər;
faydalı model - qurğuya aid olan texniki həllər; 
sənaye nümunəsi - məmulatın yeni zahiri görkəmini müəyyən edən bədii və ya bədii-konstruktiv həlli; 
patent - ixtira, faydalı model və sənaye nümunəsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən mühafizə sənədi;
üsul - bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi obyekt üzərində maddi vasitələrin köməyi ilə yerinə yetirilməsi;
məhsul - əqli fəaliyyətin nəticəsində yaradılan bitki və ya heyvan hüceyrələrinin kulturaları, mikroorqanizmlərin ştammı, maddə, qurğu;
qurğu - funksional-konstruktiv vəhdətdə olan konstruktiv elementlərdən və ya onların məcmusundan hazırlanmış məmulat, mexanizm, tikili;
iddia sənədi - ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent almaq üçün tərtib edilmiş sənədlər toplusu.

Maddə 2. Patent haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Patent haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və bu Qanuna müvafiq qəbul edilən digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. İxtira, faydalı model və sənaye nümunələrinin hüquqi mühafizəsi

İxtira, faydalı model və sənaye nümunələrinə hüquqlar dövlət tərəfindən qorunur və patentlə təsdiq edilir. 
Patent, ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə etmək üçün müstəsna hüquq verir. 
Kommersiya məqsədləri üçün istifadəsi ictimai mənafeyə, humanizm və əxlaqi prinsiplərə zidd olan, insanların, heyvanların həyat və sağlamlıqlarına, bitkilərin mühafizəsinə, ətraf mühitə ciddi ziyan vuran ixtira, faydalı model və sənaye nümunəsi patentlə mühafizə edilmir və onun istifadəsi qadağandır.

Maddə 4. Sənaye mülkiyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanı

1. Azərbaycan Respublikasının sənaye mülkiyyəti sahəsində müvafiq icra hakimiyyəti orqanı (bundan sonra - müvafiq icra hakimiyyəti orqanı) ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirir, bu Qanuna uyğun olaraq ixtira, faydalı model və sənaye nümunələri barəsində hüquqi və fiziki şəxslərdən iddia sənədlərini qəbul edir, onları ekspertizadan keçirir, ixtira, faydalı model və sanaye nümunələrini Dövlət reyestrində qeydə alır, patent verir, rəsmi məlumatları nəşr edir, patent müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparır, bu Qanuna və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq digər funksiyaları həyata keçirir. 
2. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və həmin orqanla əmək münasibətlərinə xitam verildikdən sonra 1 il ərzində patent barəsində iddia sənədi verə bilməzlər.

Maddə 5. Apellyasiya şurası

1.İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin verilməsi, onun ekspertizası, patentin verilməsi, həmçinin patent müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti ilə bağlı mübahisələrə müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurasında baxılır. 
Apellyasiya şurasının qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər. 
2. Müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 6. Patent müvəkkili

1. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, ali təhsili olan, Azərbaycan Respublikasının dövlət dilini bilən, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər. 
Patent müvəkkili Azərbaycan Respublikasının ərazisində ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması və onun qüvvədə saxlanılması işlərinin aparılmasında vəkalət verən şəxsə köməklik göstərir, ixtira, faydalı model və sənaye nümunələri üzrə hüquqların reallaşdırılmasında lisenziya müqavilələrinin bağlanması zamanı onu təmsil edir, müvafiq icra hakimiyyəti orqanında, məhkəmədə vəkalət verənin mənafelərini müdafiə edir və səlahiyyətləri çərçivəsində işləri yerinə yetirir. 
2. Patent müvəkkillərinin fəaliyyəti bu Qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. 
3. Patent müvəkkili məsləhət verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata keçirdiyi fəaliyyətlə bağlı ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə müəllif və ya şərikli müəllif ola bilməz.

II Fəsil
İxtira, faydalı model və sənaye nümunələrinin patent qabiliyyəti şərtləri

Maddə 7. İxtiranın patent qabiliyyəti şərtləri

1. İstənilən sahədə məhsula və ya üsula aid olan texniki həllər ixtira obyektləri sayılır.
2. Yeni, ixtira səviyyəli olan (bəlli olmayan) və sənayedə tətbiq edilə bilən (faydalı) ixtira obyektinə hüquqi mühafizə verilir. 
3. Əgər ixtira mövcud bilgilər məcmusunda bir hissəni təkrarlamırsa, yeni sayılır. Mövcud bilgilər məcmusuna ixtira barəsində iddia sənədinin verildiyi günə kimi dünyada hamıya müyəssər olan məlumatlar aid edilir. 
İxtiranın yeniliyi müəyyən edilərkən mövcud bilgilər məcmusuna, həmçinin daha əvvəl ilkinliyə malik olan, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına daxil olan və geri götürülməyən ixtira və faydalı model barəsində iddia sənədləri, Azərbaycan Respublikasında patentlə mühafizə edilən ixtira və faydalı model də aid edilir.
4. Yeniliyi yalnız onların tətbiqində təzahür edən ixtiralara bu maddənin 3-cü bəndi tətbiq edilmir, ancaq bu şərtlə ki, tətbiq özü mövcud bilgilərdən irəli gəlməsin. 
5. İxtira barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi günə kimi 12 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür.
6. İxtira, həmin sahədə çalışan mütəxəssis üçün mövcud bilgilərdən açıq-aşkar irəli gəlmirsə, ixtira səviyyəsinə malik hesab edilir. 
7. İxtiranın obyekti sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə, o halda ixtira sənayedə tətbiq oluna bilən sayılır.
8. Aşağıdakı obyektlər ixtira sayılmır: 
kəşflər;
elmi nəzəriyyələr;
riyazi metodlar; 
bədii konstruktorluq işinin nəticəsi (dizayn); 
təsərrüfatın və əqli fəaliyyətin təşkili, idarə edilməsi metodları; 
oyunların qaydaları və metodları; 
kompüter alqoritmləri və proqramları; 
informasiyanın təqdimi üsulları;
şərti işarələr, cədvəllər və qaydalar; 
qurğu (tikili kimi qurğu), bina, ərazi layihələri və planlaşdırma sxemləri; 
mikroorqanizmlər istisna olmaqla, bitkilər və heyvanlar, onların mahiyyət üzrə bioloji yetişdirilməsi üsulları (qeyri-bioloji və mikrobioloji üsullar istisna olmaqla);
inteqral mikrosxemlərin topologiyası; 
insan və heyvan orqanizmlərinin müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostikası metodları.

Maddə 8. Faydalı modelin patent qabiliyyəti şərtləri

1. Qurğu obyektləri faydalı model kimi mühafizə oluna bilər.
2. Yeni olan və sənayedə tətbiq edilə bilən faydalı modelə hüquqi mühafizə verilir. 
3. Mühüm əlamətlərinin məcmusu mövcud bilgilərdən məlum olmayan faydalı model yeni hesab edilir. 
Mövcud bilgilər məcmusuna təklif olunan faydalı modelin ilkinliyi tarixinə qədər eyni təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamıya müyəssər olan məlumatlar aid edilir. 
Digər hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasında faydalı modellər barəsində verdikləri və müvafiq icra hakimiyyəti orqanının rəsmi bülletenində dərc olunmuş iddia sənədləri də mövcud bilgilər məcmusuna aid edilir. 
4. Faydalı model barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi günə kimi 12 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür. 
5. Faydalı model sənayenin və təsərrüfatın hər hansı sahəsində hazırlana və ya istifadə edilə bilərsə, sənayedə tətbiq oluna bilən sayılır. 
6. Aşağıdakılar faydalı model sayılmır:
məmulatın xarici görkəminə aid edilən və estetik tələblərin təminatına yönələn həllər;
inteqral sxemlərin topologiyası.

Maddə 9. Sənaye nümunəsinin patent qabiliyyəti şərtləri

1. Sənaye nümunəsinə məmulatın zahiri görkəmini müəyyən edən bədii-konstruktiv həllər aiddir. Sənaye nümunəsi şəkil və ya model, yaxud onların birliyindən ibarət ola bilər. 
2. Yeni və ya orijinal olan, sənaye nümunəsinə hüquqi mühafizə verilir. 
3. Sənaye nümunəsinin estetik və erqonomik xüsusiyyətlərini doğuran mühüm əlamətlərinin məcmusu (forma, konfiqurasiya, ornament və ya rənglərin quraşması) onun ilkinlik tarixinə qədər bilgilərdən məlum deyildirsə, sənaye nümunəsi yeni hesab edilir.
Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinin ilkinliyi tarixinə qədər eyni təyinatlı obyektlər və onların Azərbaycan Respublikasında tətbiqi barədə hamı üçün müyəssər olan məlumatlar aid edilir. Mövcud bilgilər məcmusuna iddia edilən sənaye nümunəsinə aidiyyəti olan və əmtəə nişanı kimi Azərbaycan Respublikasında hüquqi mühafizəsi olan obyektlər də daxil edilir.
4. Sənaye nümunəsi barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi günə kimi 6 ay ərzində onun mahiyyətinə dair məlumat müəllif, iddiaçı və onlardan həmin məlumatı birbaşa və ya dolayısı ilə almış hər hansı şəxs tərəfindən açıqlanarsa, bu hal iddia sənədində göstərilən obyektin yeniliyinə xələl gətirmir. Açıqlanma faktının sübut edilməsi vəzifəsi müəllif və ya iddiaçının üzərinə düşür. 
5. Mühüm əlamətləri özünün estetik xüsusiyyətlərinə yaradıcı xarakter verən sənaye nümunəsi orijinal hesab edilir. 
6. Aşağıdakı obyektlər sənaye nümunəsi sayılmır: 
məmulatın yalnız texniki funksiyasını şərtləndirən həllər; 
arxitektura obyektləri (kiçik arxitektura formalarından başqa); 
sənaye, hidrotexniki və başqa stasionar qurğular; 
çap məhsulları; 
maye, qaz, toz və ya bu kimi maddələrdən hazırlanmış dayanıqsız formalı obyektlər.

Maddə 10. Patentlə verilən hüquqi mühafizənin həcmi və onun qüvvədə olma müddəti

1. İxtira, faydalı model və sənaye nümunəsinə patentlə verilən hüquqi mühafizənin həcmi
aşağıdakı kimi müəyyən edilir: 
ixtira və faydalı model üçün - onların düsturu ilə; 
sənaye nümunəsi üçün - məmulatın (maketin, rəsmin) fotoşəklində göstərilən mühüm əlamətlərinin məcmusu ilə. 
2. Azərbaycan Respublikası ərazisində patentin qüvvədə olma müddəti iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi gündən etibarən aşağıdakı kimi müəyyənləşdirilir: 
ixtira üçün - 20 il; 
faydalı model üçün - 10 il; 
sənaye nümunəsi üçün - 10 il. 
3. İxtira patentinin predmeti qanunvericiliyə uyğun olaraq inzibati proseduralardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti 5 ilə qədər uzadıla bilər. Vəsatət patentin qüvvədə olduğu müddətdə verilir.
4. Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 ildən artıq olmamaq şərti ilə uzadıla bilər.
5. İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
6. Məhsulun (məmulatın) alınma üsuluna patentlə verilmiş hüquq bilavasitə bu üsulla alınan digər məhsula da şamil edilir və əksini sübut edən hal olmadıqda, yeni məhsul patentləşdirilmiş üsulla alınmış hesab edilir.

III Fəsil
Müəllif və patent sahibi

Maddə 11. İxtiranın, faydalı modelin və sənaye nümunəsinin müəllifi

1. İxtiranı, faydalı modeli və sənaye nümunəsini yaradıcı əməyi ilə yaradan şəxs müəllif sayılır. 
İxtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında bir neçə fiziki şəxs iştirak etdikdə onların hamısı müəllif sayılır. Müəlliflərə məxsus olan hüquqlardan istifadə qaydası onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir. 
2. İxtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında şəxsən yaradıcı əməyi olmayan, müəllifə (müəlliflərə) yalnız texniki, təşkilati və ya maddi yardım etmiş, yaxud ixtira, faydalı model və sənaye nümunəsi üzərində hüquqların rəsmiləşdirilməsinə və ondan istifadəyə kömək göstərmiş fiziki şəxslər müəllif sayılmır. 
3. Müəlliflik hüququ özgəninkiləşdirilməyən şəxsi hüquqdur və müddətsiz qorunur. 
4. Müəlliflə iddiaçı və yaxud patent sahibi (işəgötürən olmayan) arasında ixtira, faydalı model və sənaye nümunəsinin istifadəsi ilə əlaqədar münasibətlər onların bağladıqları müqavilə ilə tənzimlənir. İxtira, faydalı model və sənaye nümunələrinin istifadəsi ilə bağlı onların arasındakı mübahisələrə məhkəmə qaydasında baxılır.

Maddə 12. Patent sahibi

Patent aşağıda göstərilən şəxslərə verilir: 
ixtira, faydalı model və sənaye nümunəsi müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə; 
patent verilməsi barədə iddia sənədində, yaxud ixtira, faydalı model və sənaye nümunəsi qeydiyyata alınana qədər müvafiq icra hakimiyyəti orqanına verilmiş ərizədə müəllifin (müəlliflərin) və ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə); 
bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan hallarda işəgötürənə.

Maddə 13. İşəgötürən və müəllif

1. Müəllif olan işçinin (bundan sonra - işçi) əmək fəaliyyəti göstərdiyi təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin mülkiyyətçisi və ya onun müvəkkil etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, eləcə də qanunvericiliklə qadağan olunmayan ahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər işəgötürən sayılır.

IV Fəsil 
İxtiradan, faydalı modeldən və sənaye nümunəsindən istifadə hüququ

Maddə 14. İxtira, faydalı model və sənaye nümunəsi istifadə üçün müstəsna hüquq

1. İxtira, faydalı model və sənaye nümunəsindən istifadə üçün müstəsna hüquq, digər patent sahiblərinin hüquqlarını və bu Qanunu pozmamaq şərtilə, patent sahibinə mənsubdur. 
2. Patent sahibi patentə görə aşağıdakı müstəsna hüquqlara malikdir:

a) patentin obyekti məhsul (məlumat) olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən onun icazəsiz istehsalının, istifadəsinin, satış üçün təklif olunmasının, satışının və bu məqsədlər üçün idxalının qarşısını almaq;
b) patentin obyekti üsul olduqda, patent sahibinin razılığı olmadan üçüncü şəxs tərəfindən bu üsulun tətbiqi ilə bağlı hərəkətlərin, habelə bilavasitə bu üsulla alınan məhsuldan istifadənin, məhsulun satışının, satış üçün təklif olunmasının və ya bu məqsədlər üçün idxalının qarşısını almaq.
Mühafizə olunan sənaye nümunəsinin sahibi onun icazəsi olmadan üçüncü şəxs tərəfindən həmin nümunənin və ya ona bənzər olan nümunənin surətini özündə daşıyan və ya tərkibinə daxil edən məmulatın kommersiya məqsədilə hazırlanmasının, satışının və ya idxalının qarşısını almaq hüququna malikdir. 
3. Patent sahibi patentlə verilən hüquqlardan dövlətin və cəmiyyətin mənafelərinə xələl gətirmədən istifadə etməlidir. 
4. İxtira, faydalı model və sənaye nümunəsinin bir neçə patent sahibi olduqda patent üzrə hüquqlar onların hər biri tərəfindən öz aralarındakı müqaviləyə uyğun başqa hüquqi və ya fiziki şəxsə verilə bilər. Onlar razılığa gələ bilmədikdə mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.

Maddə 15. İxtira, faydalı model və sənaye nümunəsindən istifadə

1. Patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsi tətbiqi ilə hazırlanan məhsulun təsərrüfat dövriyyəsinə daxil edilməsi, habelə patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsinin bütün mühüm əlamətlərini birləşdirən üsulun tətbiqi ixtira, faydalı model və sənaye nümunəsindən istifadə sayılır. 
2. Patenti bir neçə şəxsə məxsus olan ixtira, faydalı model və sənaye nümunəsindən istifadə üzrə münasibətlər həmin şəxslər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bu cür müqavilə olmadıqda onların hər biri, ixtira, faydalı model və sənaye nümunəsi üzrə lisenziyanın və ya patentlə bağlı hüquqların digər şəxsə verilməsindən başqa, ixtira, faydalı model və sənaye nümunəsi istədiyi kimi istifadə edə bilər. İxtira, faydalı model və sənaye nümunəsi barəsində patent sahibləri arasında yaranan mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. 
3. İxtira, faydalı model və sənaye nümunəsinin iddiaçısı patenti alanadək obyektdən istifadə hüququnu müqavilə əsasında istənilən hüquqi və ya fiziki şəxsə verə bilər. İxtira, faydalı model və sənaye nümunəsi bir neçə iddiaçısı olduqda iddia sənədi üzrə hüquqlar onların hər biri tərəfindən öz aralarında bağlanan müqaviləyə uyğun olaraq başqa hüquqi və ya fiziki şəxsə verilə bilər. İstifadə hüququnun verilməsi barədə müqavilə iddiaçı vəsatət qaldırdıqdan və müəyyənləşdirilmiş rüsumu ödədikdən sonra müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır. 
İxtira, faydalı model və sənaye nümunəsinin müvəqqəti hüquqi mühafizəsi dövründə ondan istifadə etmiş hüquqi və ya fiziki şəxs iddiaçı tərəfindən patent alındıqdan sonra ondan istifadəni davam etdirmək üçün bu Qanunun 19-cu maddəsinə uyğun olaraq patent sahibi ilə lisenziya müqaviləsi bağlaya bilər. 
4. Patent sahibi patentlə bağlı hüquqları vərəsəlik üzrə və ya digər şəxslərə vermək, habelə onun istifadəsinə görə lisenziya müqaviləsi bağlamaq üçün müstəsna hüquqlara malikdir.

Maddə 16. İlkin istifadə hüququ

1. Patentlə mühafizə olunan ixtira, faydalı model və sənaye nümunəsinin ilkinlik tarixinə qədər onun müəllifindən asılı olmayaraq eyni ixtira, faydalı model və sənaye nümunəsini yaradıb Azərbaycan Respublikası ərazisində vicdanla istifadə etmiş və ya ondan istifadə üçün zəruri hazırlıq işlərini görmüş istənilən hüquqi və ya fiziki şəxsin ixtiyarı var ki, maneəsiz olaraq və patent sahibinə haqq ödəmədən, istifadə həcmini genişləndirməmək şərti ilə, bu obyektdən müstəqil istifadəni davam etdirsin. 
2. İlkin istifadəçinin hüquqlarının tanınması üçün müvafiq icra hakimiyyəti orqanı onun vəsatəti əsasında iddiasına baxıb bu barədə patent sahibinə 1 ay ərzində bildiriş göndərir. İlkin istifadəçi vəsatət verdikdə müəyyənləşdirilmiş rüsumu ödədiyini təsdiqləyən sənədi də təqdim edir. 
Patent sahibindən ilkin istifadə barədə 2 ay ərzində etiraz gəlmədikdə, müvafiq icra hakimiyyəti orqanı ilkin istifadəçinin hüquqlarının tanınmasına dair qərar çıxararaq müvafiq Dövlət reyestrində qeydə alır və rəsmi bülletendə dərc edir. 
İlkin istifadəçi ilə patent sahibi arasında mübahisələrə məhkəmə qaydasında baxılır. 
3. İlkin istifadə hüququ varisə, başqa hüquqi və ya fiziki şəxsə yalnız ixtira, faydalı model və sənaye nümunəsinin istifadə edildiyi və ya onun istifadəsi üçün hazırlıq işləri görülmüş istehsalatla birlikdə verilə bilər. Varis, hüquqi və ya fiziki şəxs həmin hüquqdan bu maddənin 1-ci bəndinə uyğun olaraq ilkin istifadəçiyə verilmiş həcmdə istifadə edə bilərlər.

Maddə 17. İxtira, faydalı model və sənaye nümunələri ilə bağlı hüquqların verilməsi

1. Azərbaycan Respublikasının qanunvericiliyində digər hallar nəzərdə tutulmayıbsa, istənilən iddia sənədi, patent və ya onlarla bağlı hüquqlar tamamilə və ya qismən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada özgəninkiləşdirilə bilər. 
2. Patent hüququnun girov qoyulması barədə müqavilə müəyyən edilən dövlət rüsumunun ödənilməsi şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında qeydiyyata alınır.
3. İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin, patentin və ya onlarla bağlı hüquqların başqasına verilməsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır.

Maddə 18. İxtira, faydalı model və sənaye nümunəsindən patent sahibinin 
razılığı olmadan istifadə

Milli təhlükəsizlik maraqlarını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının patent sahibinin razılığı olmadan İxtira, faydalı model və sənaye nümunəsindən istifadəyə razılıq vermək hüququ vardır. Bu hallarda patent sahibinə uyğun kompensasiya ödənilir. Patent sahibi kompensasiyanın məbləğindən razı olmadığı halda Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.

Maddə 19. İxtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnun 
verilməsinə dair müstəsna və qeyri-müstəsna lisenziya müqavilələri

1. Patent sahibi olmayan istənilən hüquqi və ya fiziki şəxs ixtira, faydalı model və sənaye nümunəsindən yalnız patent sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında istifadə edə bilər. 
Lisenziya müqaviləsinə görə patent sahibi (lisenziar) ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu müqavilədə nəzərdə tutulmuş həcmdə başqa hüquqi və ya fiziki şəxsə (lisenziata) verir. Lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınır. 
2. Lisenziya müstəsna və ya qeyri-müstəsna ola bilər. 
Müstəsna lisenziya lisenziata sənaye mülkiyyəti obyektindən lisenziya müqaviləsində nəzərdə tutulmuş həcmdə müstəsna istifadə hüququ verir. 
Lisenziat, lisenziarın yazılı razılığı ilə digər hüquqi və ya fiziki şəxslə sublisenziya müqaviləsi bağlaya bilər. Bu müqavilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır. 
Sublisenziya qeyri-müstəsna xarakteri daşıyır və başqasına verilə bilməz. Müstəsna lisenziyaya xitam verildikdə sublisenziya müqaviləsinə də xitam verilir. 
3. Qeyri-müstəsna lisenziya zamanı lisenziar ixtira, faydalı model və sənaye nümunəsindən istifadə hüququnu müqavilə əsasında lisenziata verməklə patentlə təsdiq edilən bütün hüquqları, o cümlədən üçüncü şəxslərə lisenziya vermək hüququnu özündə saxlayır. 
4. Müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış lisenziya müqaviləsində tərəflərin qarşılıqlı razılığı ilə dəyişikliklər edildikdə bu cür dəyişikliklər həmin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır. 
5. Lisenziya müqaviləsi ilə bağlı mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.

Maddə 20. Məcburi lisenziya və patent sahibinin razılığı olmadan digər istifadə halları

1. Patent sahibi və ya onun varisi patentin verildiyi tarixdən 3 il müddətində ixtira, faydalı model və sənaye nümunəsindən üzürsüz səbəbə görə istifadə etmədikdə, istifadəyə ciddi hazırlıq görmədikdə, yaxud istifadəni 3 ildən artıq dayandırdıqda və bu müddət qurtardıqdan sonra lisenziya verməkdən imtina etdikdə, istənilən hüquqi və ya fiziki şəxs sənaye mülkiyyəti obyektindən istifadə üçün məcburi lisenziya verilməsi barədə məhkəməyə iddia ilə müraciət edə bilər. 
Məcburi lisenziya qeyri-müstəsna xarakteri daşıyır. 
Lisenziat məcburi lisenziyanın verildiyi tarixdən 2 il ərzində istifadə etmədikdə, patent sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziyanın ləğv edilməsi barədə məhkəməyə müraciət edə bilər. 
Məcburi lisenziyanın verildiyi tarixdən patent sahibi ilə məcburi lisenziyanı almış şəxs arasında münasibətlər bu Qanunla müəyyən edilmiş lisenziarla lisenziat arasındakı münasibətlərə bərabər tutulur. 
2. Aşağıdakı şərtlərə riayət etməklə, hüquq sahibinin razılığı olmadan patent obyektindən dövlət və ya onun müvəkkil etdiyi şəxslər tərəfindən digər istifadə hallarına yol verilə bilər:
2.1. bu cür istifadəyə icazənin verilməsi patent obyektinin fərdi xüsusiyyətlərinə əsaslanmalıdır;
2.2. bu cür istifadədən əvvəl müraciət etmiş istifadəçinin məqbul kommersiya işləri ilə hüquq sahibindən razılıq almaq cəhdləri uğursuzluqla nəticələnmişdirsə istifadəyə icazə verilə bilər.
Bu şərtə fövqəladə hallarda və ya digər fors-major hallarında, habelə dövlətin qeyri-kommersiya məqsədləri üçün hüquqdan istifadə etdiyi hallarda riayət olunmaya bilər. Belə olduqda patent hüququnun sahibinə ən qısa müddətdə məlumat verilməlidir;
2.3. bu cür istifadənin həcmi və müddəti ona razılıq verilən məqsədlə məhdudlaşır, yarımkeçiricilər texnologiyası sahəsində isə yalnız dövlət tərəfindən qeyri-kommersiya məqsədləri və yaxud məhkəmə və ya inzibati prosedurlar nəticəsində rəqabəti məhdudlaşdıran kimi müəyyənləşdirilən təcrübənin qarşısının alınması üçün nəzərdə tutulur;
2.4. bu cür istifadə müstəsna xarakter daşımır;
2.5. bu cür istifadəni həyata keçirən müəssisənin hissəsi və ya onun qeyri-maddi aktivləri ilə birgə olmadan bu cür istifadə digər şəxslərə verilə bilməz;
2.6. hər bu cür istifadəyə razılıq verilməsinin əsas məqsədi ilk növbədə daxili bazarın tələbatının ödənilməsi olmalıdır;
2.7. əgər bu cür istifadəyə səbəb olan hallar aradan qalxarsa və onların yenidən təkrarlanması ehtimalı aşağı olarsa, razılıq alan şəxslərin qanuni maraqlarının təmin edilməsi şərtilə istifadə hüququ ləğv edilir.
Bu maddədə göstərilən halların davam etdiyinə dair əsaslandırılmış ərizə daxil olarsa müvafiq icra hakimiyyəti orqanı bu cür istifadəyə icazə verilməsi məsələsinə yenidən baxmaq səlahiyyətinə malikdir;
2.8. hər bir halın xüsusiyyətləri və razılığın iqtisadi dəyəri nəzərə alınmaqla, hüquq sahibinə müvafiq mükafat (kompensasiya) ödənilir;
2.9. bu cür istifadəyə verilən razılıq və hüquq sahibinə ödənilən mükafat (kompensasiya) barədə istənilən qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər;
2.10. məhkəmə və ya inzibati prosedurlar nəticəsində rəqabəti məhdudlaşdıran kimi müəyyən edilən təcrübənin aradan qaldırılması məqsədi ilə patent obyektinə istifadəyə razılıq verildiyi halda, bu maddənin 2.2-ci və 2.6.-cı bəndlərində göstərilən şərtlər tətbiq edilmir.
Rəqabəti məhdudlaşdıran təcrübənin aradan qaldırılmasının zəruriliyinə baxılarkən, ödəniləcək mükafatın (kompensasiyanın) məbləği nəzərə alına bilər. Razılığın verilməsinə əsas olan halların yenidən yaranma ehtimalı olduğu halda müvafiq icra hakimiyyəti orqanı razılığın ləğv edilməsindən imtina edə bilər;
2.11. əgər bu cür istifadəyə razılıq başqa patentə (birinci patent) dair hüquqları pozmadan patentin (ikinci patent) istifadəsinin mümkün olmadığına görə verilərsə, aşağıdakı əlavə şərtlər tətbiq edilir:
a) birinci patentin obyekti olan ixtira ilə müqayisədə ikinci patentin alınması üçün verilən iddia sənədindəki ixtira böyük iqtisadi dəyərə malik olan əhəmiyyətli texniki həlli özündə əks etdirməli;
b) birinci patent sahibinin ikinci patentlə iddia edilən ixtiradan istifadə etməsi üçün münasib şərtlərlə çarpaz lisenziya müqaviləsi bağlamaq hüququna malik olmalı;
c) birinci patentə verilən razılıqdan istifadə hüququ, ikinci patentə dair hüquqların verilməsi istisna olmaqla, digər şəxslərə verilə bilməz.
3. İxrac edilən patentləşmiş əczaçılıq məhsullarına məcburi lisenziya verilərkən, lisenziya müqaviləsində aşağıdakı şərtlər öz əksini tapmışdır.
a) lisenziya üzrə məhsul yalnız zəruri miqdarda idxal edən ölkənin minimum tələblərini təmin etmək məqsədilə istehsal edilə bilər;
b) lisenziya üzrə istehsal edilən məhsul idxal olunan məhsuldan müvafiq işarə və ya nişanla fərqlənməlidir. Lisenziya üzrə istehsal olunan məhsulların bu cür fərqlənməsi məhsulların xüsusi bükmələri və (və ya) bilavasitə məhsulların rəngləri (formaları) ilə o şərtlə həyata keçirilə bilər ki, bu fərqlənmə amilləri tətbiq edilə bilən olsun və məhsulların qiymətinə təsir etməsin;
c) lisenziyalı məhsulların ixracından əvvəl ona dair aşağıdakı məlumatlar Ümumdünya Ticarət Təşkilatının internet səhifəsində (veb-saytında) yerləşdirilməlidir:
bütün istiqamətlərə göndərilən məhsulların miqdarı;
məhsulların fərqləndirici xüsusiyyətləri.

Maddə 21. İxtira, faydalı model və sənaye nümunələrindən istifadənin 
dövlət tərəfindən həvəsləndirilməsi

Dövlət ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsini həvəsləndirir, müəlliflərə, patent sahiblərinə və təsərrüfat subyektlərinə güzəştlər, o cümlədən güzəştli kreditlər müəyyən edə bilər.

V Fəsil
Patent hüquqlarının pozulması

Maddə 22. Patent sahibinin müstəsna hüquqlarının pozulması

1.Patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərindən bu Qanunun müddəalarının pozulması ilə istifadə edilməsi, təsərrüfat dövriyyəsinə başqa şəkildə daxil edilməsi və ya bu məqsədlə saxlanması patent sahibinin müstəsna hüququnun pozulması sayılır.
2. Mülki mühakimə icraatının məqsədləri üçün patent sahibinin bu Qanunun 14-cü maddəsinin 2-ci bəndində göstərilən hüquqlarının pozulması zamanı patentin predmeti məhsulun alınma üsulu olarsa, məhkəmə məhsulun alınması üçün istifadə edilən üsulun patentləşdirilmiş üsuldan fərqlənməsinə dair dəlillərin təqdim edilməsini cavabdehdən tələb edə bilər. Təkzibedici dəlillər təqdim olunanadək patent sahibinin razılığı olmadan alınan istənilən məhsul patentləşmiş üsulla alınmış hesab edilir, əgər:
patentləşmiş üsulla alınan məhsul yeni olarsa;
bu məhsulun patentləşmiş üsulla alınması ehtimalı yüksəkdir və patent sahibi ağlabatan tədbir görməklə onun alınmasında hansı üsulun tətbiq edildiyini müəyyən edə bilmirsə.
Bu maddənin 2-ci bəndinin birinci abzasında göstərilənlərin sübut edilməsi patent sahibinin hüquqlarının pozulmasında təqsirləndirilən şəxsin üzərinə o halda düşür ki, a) və ya b) yarımbəndlərində göstərilən şərtlər yerinə yetirilsin.
Əks dəlilləri təqdim edən cavabdehin istehsalat və kommersiya sirrinin qorunması sahəsində qanuni maraqları nəzərə alınır.

Maddə 23. Patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayan hallar

Aşağıdakı hallar patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmır: 
tərkibində patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsi olan vasitələrin qeyri-kommersiya məqsədləri üçün gəlirsiz istifadəsi; 
patentlə mühafizə edilən ixtira, faydalı model və sənaye nümunəsi obyektlərinin elmi, eksperiment, tədqiqat və həmin obyektlərin yoxlanılması məqsədləri üçün patentin qüvvədə olma müddəti bitənədək böyük həcmdə istehsala və ya məhsulların toplanmasına gətirib çıxarmaması şərti ilə istifadəsi;
həkimin resepti üzrə birdəfəlik istifadə üçün dərman hazırlanması; 
Azərbaycan Respublikasının nəqliyyat vasitələri sahiblərinə eyni hüquqlar verən xarici ölkələrin hüquqi və ya fiziki şəxslərinə məxsus olan, müvəqqəti və ya təsadüfən Azərbaycan Respublikasının ərazisinə gətirilmiş nəqliyyat vasitələrinin ehtiyacları üçün patentləşdirilmiş ixtira, faydalı model və sənaye nümunəsindən həmin nəqliyyat vasitələrinin konstruksiyasında və ya istismarı zamanı istifadə.

Maddə 24. Patentin pozulması

1. Patent hüquqlarını pozan şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilə bilər. 
2. Patent sahibi patenti pozmuş hüquqi və ya fiziki şəxslə ona dəymiş zərərin ödənilməsi barədə razılığa gəlmədiyi halda mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.

 

VI Fəsil
İddia sənədinin verilməsi və patent alınması

Maddə 25. Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunələri

İxtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədində göstərilən məlumatın açıqlanması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilərsə, həmin iddia sənədinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydada baxılır.

Maddə 26. Beynəlxalq iddia sənədi

1. Beynəlxalq iddia sənədi müvafiq icra hakimiyyəti orqanına verildikdə Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə əsasən həmin iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində, iddiaçı onun düsturunun, referatının və təsvirinin Azərbaycan dilində tərcüməsini təqdim etməlidir. 
2. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsləri beynəlxalq iddia sənədini Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə müvafiq qaydada verə bilərlər. 
3. Müvafiq icra hakimiyyəti orqanı bu maddənin 2-ci bəndinə uyğun verilən beynəlxalq iddia sənədini alan orqan kimi çıxış edir.

Maddə 27. Patent almaq üçün iddia sənədinin verilməsi

1. İxtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq istəyən hüquqi və ya fiziki şəxs müvafiq icra hakimiyyəti orqanına iddia sənədi verməlidir.
2. İddiaçı müvafiq icra hakimiyyəti orqanına iddia sənədini aşağıdakı qaydada verə bilər: 
bilavasitə özü; 
müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış patent müvəkkili vasitəsilə. 
Xarici hüquqi və fiziki şəxslər iddia sənədini müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə verirlər. 
Patent müvəkkillərinin səlahiyyətləri iddiaçı tərəfindən verilən etibarnamə ilə təsdiq edilir. 
3. İxtira və ya faydalı model barəsində iddia sənədi bir ixtiraya və ya faydalı modelə, yaxud öz aralarında vəhdət təşkil edən bir qrup ixtiraya və ya faydalı modelə aid edilməlidir. İddia sənədinə aşağıdakılar daxil edilir: 
müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə; 
ixtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri; 
ixtiranın və ya faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu; 
iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və başqa materiallar; 
referat. 
4. Sənaye nümunəsi barəsində iddia sənədi bir sənaye nümunəsinə aid edilir. 
Bir neçə əşya birləşərək vahid bədii-konstruktiv forma yaradarsa, onlar bir sənaye nümunəsi kimi qəbul edilir.
Bir neçə sənaye nümunəsi təsnifatın eyni sinifinə aiddirsə, onlar bir sənaye nümunəsi sayılır. 
Sənaye nümunəsi barəsində iddia sənədinə aşağıdakılar daxil edilir: 
müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə; 
məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya rəsm; 
sənaye nümunəsinin mahiyyətini açıqlamaq zəruri olduqda məmulatın ümumi görkəminin çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi; 
sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri. 
5. İddia sənədi daxil olduğu gündən 3 aydan gec olmayaraq müəyyənləşdirilmiş məbləğdə dövlət rüsumunun ödənildiyini təsdiqləyən sənəd təqdim edilə bilər. 
6. Patentin alınması barədə iddia sənədinə aid tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
7. Patent verilməsi barədə ərizə Azərbaycan dilində tərtib olunur. İddia sənədinin digər materialları azərbaycan dilində və ya başqa dildə verilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilində tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay müddətində təqdim olunmalıdır. 
İddia sənədi ilə bağlı kargüzarlıq Azərbaycan dilində aparılır. 
8. İddia sənədinin verildiyi gündən 1 ay ərzində iddiaçının hüququ var ki, barəsində iddia sənədi verdiyi ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişmədən iddia sənədinin materiallarına düzəlişlər və əlavələr etsin.
Müvafiq icra hakimiyyəti orqanı iddia sənədi materiallarının rəsmi bülletendə dərcinə dair qərar qəbul edənədək, iddiaçı müəyyənləşdirilmiş rüsumu ödəmək şərti ilə düzəlişləri və əlavələri 1 aylıq müddət keçəndən sonra da edə bilər. 
Dəyişikliklər ekspertin təklifi ilə də edilə bilər. İddia sənədində göstərilmiş ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişən və iddia sənədinin əvvəlki materiallarında olmayan əlamətlərə malik əlavə materiallar iddia sənədinə baxılarkən nəzərə alınmır və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi tərtib edilə bilər.

Maddə 28. İxtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi

1. İxtira, faydalı model və sənaye nümunəsinin ilkinliyi bu Qanunun 27-ci maddəsinə müvafiq rəsmiləşdirilmiş iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyənləşdirilir. 
İlkinlik hüququ ixtira üzrə bu Qanunun 7-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə, faydalı model üzrə bu Qanunun 8-ci maddəsinin 3-cü bəndinə, sənaye nümunəsi üzrə isə bu Qanunun 9-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq iddia sənədinin verildiyi tarixdən yaranır. 
2. İxtira, faydalı model və sənaye nümunəsi üzrə ilkinlik ilk iddia sənədinin Sənaye mülkiyyətinin mühafizəsinə dair Paris konvensiyasının və ya Ümumdünya Ticarət Təşkilatının iştirakçısı olan dövlətdə verilməsi tarixindən müəyyənləşdirilə bilər (konvensiya ilkinliyi), bu şərtlə ki, ixtira və faydalı model barəsində iddia sənədi həmin tarixdən etibarən 12 ay ərzində, sənaye nümunəsi barəsində iddia sənədi isə 6 ay ərzində müvafiq icra hakimiyyəti orqanına verilmiş olsun.
Paris konvensiyasının və ya Ümumdünya Ticarət Təşkilatının iştirakçısı olan dövlətin ərazisində təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirilmiş obyektin ilkinliyi həmin obyektin sərgidə açıq nümayiş etdirildiyi tarixdən xahiş edilə bilər, bu şərtlə ki, ərizə həmin tarixdən ən geci 6 ay keçənədək verilmiş olsun (sərgi ilkinliyi). 
Bu müddət konvensiya ilkinliyi müddətini uzatmır. 
3. Faydalı model və ya sənaye nümunəsi üçün konvensiya ilkinliyi hüququndan istifadə etmək istəyən iddiaçı bu istəyini iddia sənədini verərkən və ya iddia sənədi müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində bildirərək iddia sənədinin müvafiq icra hakimyyəti orqanına daxil olduğu tarixdən 3 ay ərzində əvvəlki iddia sənədinin təsdiqlənmiş surətini təqdim etməlidir. İxtira üçün konvensiya ilkinliyi hüququndan istifadə etmək istəyən iddiaçı bu istəyini iddia sənədini verərkən və ya iddia sənədi müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 2 ay ərzində bildirərək birinci iddia sənədinin təsdiqlənmiş surətini Paris Konvensiyasının iştirakçısı olan dövlətin patent idarəsinə verildiyi tarixdən 16 ay ərzində təqdim etməlidir. 
4. İlkinlik barəsində ərizə bu maddənin 2-ci bəndində göstərilən müddətdə verilmədikdə və bu maddənin 3-cü və 8-ci bəndlərində göstərilən şərtlər yerinə yetirilmədikdə ilkinlik iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən müəyyən edilir. 
5. İlkinlik Azərbaycan Respublikasının iştirak etdiyi sənaye mülkiyyətinin mühafizəsinə dair Beynəlxalq sazişlərə uyğun olaraq eyni iddia sənədinin verilməsi tarixindən də müəyyən edilə bilər, bu şərtlə ki, iddiaçı həmin iddia sənədini geri götürmüş olsun və onun ilkinliyi tarixi ilə indiki iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarix arasında ixtira və faydalı model üçün ən çoxu 12 ay, sənaye nümunəsi üçün ən çoxu 6 ay keçsin. 
6. İlkinlik əlavə materialların verildiyi tarixdən də müəyyən edilə bilər.
Əlavə materiallar iddia edilən texniki həllərin mahiyyətini dəyişdiyi üçün onların nəzərə alınmasının mümkün olmadığı barədə müvafiq icra hakimiyyəti orqanı iddiaçıya bildiriş göndərmişsə, iddiaçının həmin bildirişi aldığı gündən 3 ay müddət ötənədək təqdim etdiyi müstəqil iddia sənədi üzrə ilkinlik əlavə materialların daxil olduğu tarixdən müəyyən edilə bilər.
7. İlkinlik iddiaçının daha əvvəl verdiyi və bu ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini açıqlayan iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarixdən də müəyyən edilə bilər, bu şərtlə ki, ilkinliyi istənilən ixtira və faydalı model barəsində iddia sənədi əvvəlki iddia sənədinin daxil olduğu tarixdən ən geci 12 ay keçənədək, sənaye nümunəsi barəsində əvvəlki iddia sənədinin daxil olduğu tarixdən isə ən geci 6 ay keçənədək daxil olsun. Bu zaman əvvəlki iddia sənədi geri götürülmüş sayılır.
İlkinlik daha əvvəl verilən bir neçə iddia sənədi üzrə müəyyən edilə bilər.
İlkinlik bundan əvvəl ilkinliyi istənilmiş iddia sənədinin daxil olduğu tarixdən müəyyənləşdirilə bilməz.
8. Konvensiya ilkinliyi və ya daha əvvəl verilmiş iddia sənədi üzrə ilkinlik istəyən iddiaçı ilkinlik istədiyi tarixdən 2 ay müddətində müvafiq icra hakimiyyəti orqanına müəyyənləşdirilmiş rüsumu ödədiyi barədə sənəd təqdim etməlidir.
9. Konvensiya ilkinliyi xahiş edilən iddia sənədi iddiaçıdan asılı olmayan səbəblərdən müəyyən edilən müddətdə verilmədikdə, dövlət rüsumu ödənilməsi şərtilə bu müddət 2 ayadək uzadıla bilər.
10. Ekspertiza prosesində oxşar ixtira, faydalı model və sənaye nümunələrinin ilkinlik tarixlərinin eyni olduğu müəyyənləşdirildikdə ilkinlik daha əvvəl müvafiq icra hakimiyyəti orqanına göndərilmiş iddia sənədi üzrə müəyyən edilir. Bu tarixlər də eyni olarsa, müvafiq icra hakimiyyəti orqanında daha əvvəl qeydiyyat nömrəsi almış iddia sənədi (iddiaçılar arasında müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa) birinci sayılır. 
11. İddiaçıların ilkinlik barəsində mübahisələrinə Apellyasiya şurasında baxılır. İddiaçı Apellyasiya şurasının qərarı ilə razı olmadığı halda məhkəməyə müraciət edə bilər.

Maddə 29. İddia sənədinin ekspertizası

1. Müvafiq icra hakimiyyəti orqanı ixtira, faydalı model və sənaye nümunəsi barədə iddia sənədinin ekspertizasına dair müəyyənləşdirilmiş məbləğdə rüsumun ödənildiyini təsdiqləyən sənədi aldığı tarixdən etibarən 1 ay ərzində onun bu qanunun 27-ci maddəsinin 3-cü, 4-cü, 5-ci və 6-cı bəndlərinə uyğun ilkin ekspertizanı aparır. İlkin ekspertiza zamanı tələb olunan sənədlərin mövcudluğu və düzgün tərtib olunması yoxlanılır.
2. Bu Qanunun 27-ci maddəsinin 3-cü, 4-cü, 5-ci və 6-cı bəndlərinin tələblərinə uyğun tərtib olunmamış iddia sənədi barəsində iddiaçıya sorğu göndərilir. İddiaçı sorğunu aldığı gündən 2 ay ərzində düzəliş aparılmış və ya çatışmayan sənədləri (materialları) təqdim etməlidir. 
İddiaçı tələb olunan materialları və ya müddətin uzadılması barədə vəsatəti (rüsum ödəmək şərti ilə) müəyyənləşdirilmiş müddətdə təqdim etməzsə, iddia sənədi verilməmiş sayılır. 
3. İddia sənədi baxılmaq üçün qəbul olunduqda müvafiq icra hakimiyyəti orqanı ixtira, faydalı model və sənaye nümunəsinin aşağıda göstərilənlərə uyğunluğu baxımından iddia sənədinin ekspertizasını keçirir: 
ixtiralar üçün - bu Qanunun 3-cü maddəsinin üçüncü abzasının, 7-ci maddəsinin 1-ci, 6-ci, 7-ci, 8-ci bəndlərinin tələblərinə; 
faydalı model üçün - bu Qanunun 3-cü maddəsinin üçüncü abzasının, 8-ci maddəsinin 1-ci, 5-ci, 6-cı bəndlərinin tələblərinə; 
sənaye nümunəsi üçün - bu Qanunun 3-cü maddəsinin üçüncü abzasının, 9-cu maddəsinin 1-ci, 5-ci, 6-cı və 7-ci bəndlərinin tələblərinə. 
İxtira, faydalı model və sənaye nümunələrinin yeniliyi baxımından iddia sənədlərinin ekpertizası bu Qanunun 7-ci maddəsinin 3-cü bəndinin ikinci abzası və 4-cü bəndinə, 8-ci maddəsinin 3-cü bəndinin üçüncü abzasına, 9-cu maddəsinin 3-cü bəndinin ikinci abzasına uyğun olaraq və Azərbaycan Respublikası ərazisində qüvvədə olan mühafizə sənədləri üzrə aparılır. 
İddia sənədində göstərilən obyektin bu maddənin tələblərinə uyğunluğu ekspertiza nəticəsində müəyyənləşdirildikdə iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının rəsmi bülletenində dərc olunması barədə qərar qəbul edilir və iddiaçı müvafiq rüsumu ödədikdən sonra iddia sənədi üzrə materiallar dərc olunur. 
4. İddia sənədində göstərilən obyektin bu maddənin tələblərinə uyğun olmadığı ekspertiza nəticəsində müəyyənləşdirildikdə patent verilməsindən imtina barəsində qərar qəbul edilir. 
5. İxtira və ya faydalı model barəsində bir neçə iddia obyektindən ibarət olan və vəhdət tələblərini təmin etməyən iddia sənədi verildikdə iddiaçıya təklif edilir ki, müvafiq bildirişi aldığı gündən 2 ay müddətində iddia obyektlərindən hansı birinə baxılmalı olduğunu bildirsin. 
İddiaçı göstərilən müddətdə bildirişə cavab vermədikdə müvafiq icra hakimiyyəti orqanı ixtiranın və faydalı modelin düsturunun birinci bəndində göstərilən iddia obyektinə baxır. 
İddia sənədində göstərilən ixtira və ya faydalı model üçün qalan iddia obyektləri müstəqil şəkildə ayrılmış iddia sənədi kimi verilə bilər. Ayrılmış iddia sənədi üzrə ixtira və ya faydalı model üçün iddia obyekti əvvəl verilmiş iddia sənədinin məzmunundan kənara çıxmamalı və onun tərkib hissəsi kimi iddiaçı tərəfindən dəqiq səciyyələndirilməlidir. 
Ayrılmış iddia sənədi müvafiq icra hakimiyyəti orqanına ixtira üçün əvvəlki iddia sənədinin verildiyi tarixdən 12 ay keçənədək, faydalı model üçün isə əvvəlki iddia sənədinin verildiyi tarixdən 6 ay keçənədək təqdim edilməlidir. Hər bir ayrılmış iddia sənədinə görə, müstəqil iddia sənədinin verilməsi üçün müəyyənləşdirilmiş məbləğdə rüsum ödənilir. Bu tələb yerinə yetirildikdə əvvəlki iddia sənədinin ilkinliyi ayrılmış iddia sənədi üçün də saxlanılır. 
Ayrılmış iddia sənədinin obyekti əvvəlki iddia sənədinin məzmunundan kənara çıxdıqda iddia sənədinin son redaksiyasının verildiyi tarix ayrılmış iddia sənədinin verilməsi tarixi sayılır. 
6. Patentin verilməsindən imtina qərarı barəsində iddiaçı həmin qərarı aldığı gündən 2 ay ərzində müvafiq rüsumu ödəməklə müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurasına etirazla müraciət edə bilər. 
7. İddiaçı Apellyasiya şurasının qərarına dair bütün materiallarla tanış ola bilər. 
8. İddiaçının ixtiyarı var ki, patent qeydə alınana qədər iddia sənədini geri götürsün. Bu zaman ödənilmiş rüsumlar qaytarılmır.
9. İxtira üçün iddia sənədi barəsində məlumat dərc olunana qədər iddiaçı ərizə verməklə onu faydalı model üçün iddia sənədinə (və ya əksinə) çevirə bilər. 
Göstərilən hallarda əvvəlki iddia sənədinin ilkinliyi saxlanır. 
10. Müvafiq icra hakimiyyəti orqanı iddia sənədinin verildiyi tarixdən 18 ay ərzində müvafiq rüsumun ödənilməsi şərtilə iddiaçının və ya marağı olan başqa şəxsin vəsatəti əsasında obyektin patent qabiliyyətini müəyyənləşdirmək üçün məlumat axtarışı apara bilər. 
İddia sənədinin mahiyyətcə ekspertizası müvafiq rüsumun ödənilməsi şərtilə iddiaçının və ya marağı olan başqa şəxsin vəsatəti əsasında, iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi tarixdən 18 ay ərzində aparıla bilər. 
Mahiyyətcə ekspertizanın nəticəsi iddiaçıya və ya marağı olan şəxsə bildirilir. 
İddia sənədi üzrə məlumat axtarışının və mahiyyətcə ekspertizanın aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Maddə 30. İddia sənədi barəsində məlumatın dərci

1. Müvafiq icra hakimiyyəti orqanı ixtira və faydalı model barəsində iddia sənədini aldığı tarixdən ən geci 12 ay keçənədək, sənaye nümunəsi barəsində iddia sənədini aldığı tarixdən ən geci 6 ay keçənədək iddia sənədlərinə dair məlumatı özünün rəsmi bülletenində dərc edir. İddiaçının vəsatəti üzrə, müəyyən edilmiş rüsum ödənilməklə, iddia sənədinə dair məlumat yuxarıda göstərilən tarixdən tez də dərc edilə bilər. 
2. İxtira, faydalı model və sənaye nümunəsi müəllifinin hüququ var ki, müvafiq icra hakimiyyəti orqanının rəsmi dərcində həmin obyektin müəllifi kimi göstərilməməsini tələb etsin. 
3. İddia sənədinə dair məlumatda aşağıdakılar göstərilməlidir:
müəllif (əgər müəllif kimi göstərilmək hüququndan imtina etməyibsə) və iddiaçı haqqında məlumat; 
obyektin adı; 
beynəlxalq patent təsnifatı indeksi; 
sənaye nümunəsinin beynəlxalq indeksi;
ilkinlik tarixi; 
ixtiranın və ya faydalı modelin referatı;
sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı və təsviri.
4. İddia sənədinə dair məlumat dərc olunduqdan sonra 7-ci maddənin 3-cü bəndinin birinci abzası, 8-ci maddənin 3-cü bəndinin birinci və ikinci abzasları, 9-cu maddənin 3-cü bəndinin birinci abzası üzrə iddia obyektinin yeniliyi üçün məsuliyyət iddiaçının üzərinə düşür. 
5. İddia sənədinə dair məlumat dərc olunduqdan sonra marağı olan hər bir hüquqi və ya fiziki şəxsin, rüsum ödəmək şərti ilə, müvafiq icra hakimiyyəti orqanında iddia sənədinin materialları ilə tanış olmaq, habelə müvafiq ixtira, faydalı model və sənaye nümunəsinin təsvirini, çertyojlarını, rəsmlərini və fotoşəkillərini almaq hüququ vardır. 
Dərc olunmuş iddia sənədinin materialları ilə tanışlıq qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 
6. İddia sənədinə dair məlumat aşağıdakı hallarda dərc olunmur: 
patent verilməsindən imtina qərarı qəbul edildikdə;
iddia sənədi geri götürüldükdə.
7. İxtira və ya faydalı model obyekti dövlətin milli təhlükəsizliyi mənafelərinə aid olduqda müvafiq icra hakimiyyəti orqanı öz təşəbbüsü ilə iddia sənədinə dair məlumatın dərcini bu barədə qərarın çıxarıldığı tarixdən etibarən 4 aya qədər dayandırmaq hüququna malikdir. Bu müddət keçdikdən sonra həmin qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmədikdə və müddəti uzadılmadıqda qüvvədən düşür. 
Müvafiq icra hakimiyyəti orqanı məlumatın dərcini, ixtiranın (faydalı modelin) açıq istifadəsini, yaxud iddia sənədi və ya patent obyektinin istifadəsini qadağan etdikdə iddiaçı və ya patent sahibi həmin orqandan müvafiq kompensasiya ödənilməsini tələb edə bilər. Müvafiq kompensasiya məlumatın dərcinin və ixtiranın (faydalı modelin) istifadəsinin qadağan olunduğu ilk 12 aylıq müddət uzadıldıqda tələb edilə bilər. Bu halda yaranan mübahisələr məhkəmə qaydasında həll edilir. 
8. İddia sənədi materiallarının dərc olunduğu tarixdən patentin verildiyi tarixə kimi hər bir ixti<