Toxum və tinglərin subsidiyalaşdırılması

Toxumçuluq və tinglik təsərrüfatlarına

satdıqları 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə

dövlət büdcəsindən subsidiyanın ödənilməsi

QAYDASI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”na əsasən toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilir.

Təsərrüfatlara 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə subsidiyanın verilməsi aşağıdakı qaydada həyata keçirilir:

 - Toxum və ting istehsalı ilə məşğul olan dövlət və özəl təsərrüfatlar  istehsal etdikləri 1-ci və 2-ci reproduksiyalı toxumların və tinglərin satışına görə dövlət büdcəsindən subsidiya ödənilməsi üçün rayon komissiyasına ərizə ilə müraciət edirlər və ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

  • toxum və tinglərin istehsalı və satışı ilə məşğul olması barədə hüquqi və fiziki şəxslərin 2007-ci ilin 1 sentyabr tarixinədək və növbəti illərdə 1 iyul tarixinədək toxum istehsalçılarının reyestrlərinə daxil olunmasına dair sənədin surəti;    
  • 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin alqı-satqısına dair qaimə və müqavilənin surəti;
  • istehsal olunmuş toxum və tingin əsilliyini təyin edən sənədlərin (aprobasiya aktı, aprobasiya haqqında hesabat) surəti (bu zaman pambıq toxumuna dair ilkin sənədlər Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının yerli laboratoriyaları tərəfindən istehsalçının sifarişi əsasında hazırlanmalıdır);
  • satışa çıxarılan toxum və tinglərin keyfiyyətini təsdiq edən sertifikatın surəti;
  • istehsalçılardan toxum və ting alan təsərrüfatlar tərəfindən həmin toxum və tinglərin əkilməsi barədə rayon toxum müfəttişliyi tərəfindən verilən arayış;
  • subsidiyanın hansı hesablaşma və ya şəxsi hesaba köçürülməsi barədə məlumat.

- Rayon (şəhər) komissiyasına müraciət daxil olandan sonra 10 gün ərzində istehsal edildiyi təsərrüfatdan satışa çıxarılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin həcmi (miqdarı) təqdim edilmiş sənədlərə uyğun olaraq müəyyən edilir və 3 nüsxədən ibarət akt tərtib edir. Aktlara müəyyən olunmuş formada cədvəllər əlavə olunur.

- Rayon (şəhər) komissiyası toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə subsidiya ödənilməsi barədə müraciəti müvafiq sənədlər əlavə olunmaqla aşağıda qeyd olunan müddətdən gec olmayaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir:

  • taxıl toxumu istehsalçıları üzrə – noyabr ayının 20-dək;
  • yem bitkiləri toxumu istehsalçıları üzrə – oktyabr ayının 30-dək;
  • kartof toxumu və ting istehsalçıları üzrə – noyabr ayının 30-dək;
  • tərəvəz toxumu və texniki bitkilər toxumu istehsalçıları üzrə – noyabr ayının 15-dək.
  • Kənd təsərrüfatı nazirinin əmri ilə rayon (şəhər) komissiyalarından daxil olmuş müraciətlərə rəy verilməsi məqsədi ilə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavininin sədrliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət Ekspert Şurası yaradılır.

- Ekspert Şurası 10 iş günü ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən rəy üçün daxil olmuş rayon komissiyasının müraciətini və ona əlavə olunmuş sənədləri araşdırır, təsərrüfatlara subsidiya ödənilməsi ilə bağlı qərarını Nazirliyə qaytarır.

- Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən həmin istehsalçılara subsidiya ödənilməsindən imtina edildiyi halda istehsalçıya imtinanın səbəbləri göstərilməklə, 10 iş günü ərzində müəyyən olunmuş qaydada yazılı məlumat göndərilir.

Təsərrüfatlara subsidiya verilməsindən aşağıdakı hallarda imtina edilir:

  • tələb olunan sənədlər tam təqdim edilmədikdə;
  • yuxarıda müəyyən olunmuş vaxtdan gec sənəd təqdim edildikdə.

- Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlar və tinglərə görə subsidiya ödənilməsi müəyyən olunmuş qaydada təsdiq edilmiş kvota (sifariş) çərçivəsində həyata keçirilir.

- Dövlət büdcəsindən subsidiya ödənilən təsərrüfatlar və bu təsərrüfatlardan 1-ci və 2-ci reproduksiyalı toxum və ting alan alıcılar tərəfindən həmin toxum və tinglərin təyinatdan kənar məqsədlərə istifadə edilməsinə və 3-cü şəxsə satışına yol verilmir.

 - Dövlət büdcəsindən subsidiyanın ödənilmə həcmi və həddi satılan məhsula görə aşağıdakı cədvəl üzrə müəyyən edilir:

 Bitki və meyvə növləri üzrə toxumların və tinglərin adı

Ölçü vahidi

Satış qiyməti üzrə ödənilən subsidiyanın həcmi (faizlə)

Ödənilən subsidiyanın maksimal məbləği (manatla)

1-ci reproduksiyalı toxum üçün

Dənli və dənli-paxlalı bitkilər üzrə:

     

     taxıl (buğda, arpa)

1 kq

40

0,10

     qarğıdalı

1 kq

40

0,32

     noxud

1 kq

40

0,40

     lobya

1 kq

40

0,72

Tərəvəz-bostan bitkiləri üzrə:

     

     pomidor

1 kq

40

21,68

     xiyar

1 kq

40

14,28

     soğan

1 kq

40

9,36

     kələm

1 kq

40

10,56

Kartof

1 kq

40

0,36

Pambıq

1 kq

40

0,36

Yem bitkiləri üzrə:

     

      yonca

1 kq

40

1,56

      xaşa

1 kq

40

0,40

2-ci reproduksiyalı toxum üçün

Dənli və dənli-paxlalı bitkilər üzrə:

     

     taxıl (buğda, arpa)

1 kq

30

0,07

     qarğıdalı

1 kq

30

0,18

      noxud

1 kq

30

0,24

      lobya

1 kq

30

0,48

Tərəvəz-bostan bitkiləri üzrə:

     

      pomidor

1 kq

30

14,19

      xiyar

1 kq

30

9,36

      soğan

1 kq

30

6,12

      kələm

1 kq

30

6,93

Kartof

1 kq

30

0,24

      pambıq

1 kq

30

0,04

Yem bitkiləri üzrə:

     

      yonca

1 kq

30

0,78

      xaşa

1 kq

30

0,24

Tinglər

     

Tumlu meyvələr üzrə:

     

      alma

1 ədəd

30

0,54

      armud

1 ədəd

30

0,54

Çəyirdəkli meyvələr üzrə:

     

      alça

1 ədəd

30

0,42

      gavalı

1 ədəd

30

0,42

      gilas

1 ədəd

30

0,60

Çay

1 ədəd

30

0,60

Üzüm

1 ədəd

30

0,51

 

 - Kənd Təsərrüfatı Nazirliyi 10 iş günü ərzində yuxarıda göstərilən normalara əsasən subsidiyanın ödənilməsi barədə Ekspert Şurasının qərarını ətraflı təhlil və təsdiq etdikdən sonra tədbirin maliyyələşdirilməsi üçün təklifləri müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir.

- Maliyyə Nazirliyi 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiya ödənilməsinə dair Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sənədlərə baxır və vəsaitin həmin Nazirliyin müvafiq xəzinə hesabına köçürülməsini təmin edir. Kənd Təsərrüfatı Nazirliyi ayrılmış vəsaitləri təsərrüfatların müvafiq müvəkkil banklardakı hesablaşma hesabına və ya ödəmə kartına köçürülməsini təmin edir.