Yaranma tarixi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı ilə Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında yaradılmışdır.

Dövlət Xidməti bitki sortlarının ekspertizasını, sınağını, qeydiyyatını və mühafizəsini, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətlərinə kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizasının keçirilməsi, sınaq və qeydiyyatının aparılması, mühafizəsi, habelə istifadə olunan sortun müəllifinin və patent sahibinin hüquqlarının qorunmasının təmin edilməsi, toxumluq əkinlərin aprobasiyasının təşkili, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada toxumların sertifikatlaşdırılmasını təmin edilməsi və müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edilməsi, xarici dövlətlərin müvafiq təcrübəsinin öyrənilməsi daxildir.