XƏBƏRLƏR

ELANLAR

Avqustun 19-da Siyəzən rayonunda kənd təsərrüfatı idarəsi üçün inşa edilmiş yeni inzibati bina istifadəyə verilib . Bu münasibətlə keçirilən mərasimdə Kənd Təsərrüfatı Nazirliyinin və rayon icra hakimiyyətinin rəhbər işçiləri, kənd təsərrüfatı üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.

Siyəzən rayonunda kənd təsərrüfatı naziri Heydər Əsədov və rayon icra hakimiyyətinin başçısı Asif Hüseynov inzibati binada yaradılan şəraitlə tanış olub, rayon Baytarlıq İdarəsinə, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxış keçirmişlər. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov Quba-Xaçmaz iqtisadi bölgəsində, o cümlədən Siyəzən rayonunda müxtəlif bitkilərin becərilməsi, toxum istehsalı, 2015-ci ildə istehsal olunmuş və sertfikatlaşdırılmış toxum və tinglərin satışına görə dövlət büdcəsindən verilmiş subsidiyalar, cari ilin məhsulu üçün əkilmiş dənli bitkilərin toxumluq əkinləri haqqında ətraflı məlumat vermişdir. O, həmçinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsinin (http://sorttoxumagro.gov.az) təqdimatını nümayiş etdirmişdir.

Açılışda kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevin rəhbərliyi ilə son zamanlar kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunan qərar və sərəncamlar, hüquqi və fiziki şəxslərə verilən texnikaların ilkin dəyərinə 40 faiz güzəşt tətbiq edilməsi, gübrələrin, o cümlədən Avropanın ən inkişaf etmiş ölkələrinin texnika və texnoloji avadanlıqlarının ölkəmizə gətirilərək, fermerlərə güzəştli şərtlərlə verilməsi barədə danışılıb, həmçinin aqrar sahədə reallaşdırılan institutsional islahatlar haqqında məlumat verilib.

Açılışdan sonra Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq, kənd təsərrüfatı naziri Heydər Əsədov Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 34 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, örüş sahələrinə subsidiyaların verilməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub. Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.