XƏBƏRLƏR

ELANLAR

İMRAN CÜMŞÜDOV: “HƏDƏFİMİZ ÖLKƏNİ YÜKSƏK KEYFİYYƏTLİ SERTİFİKATLI TOXUMLA TƏMİN ETMƏKDİR”

- İmran müəllimBitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət  Xidmətinin əsas fəaliyyət istiqamətləri hansılardır?

- Dövlət Xidməti bitki sortlarının ekspertizası, sınağı, qeydiyyatı və mühafizəsi ilə məşğul olur. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə  Dövlət  Xidməti kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini, toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

 

- Toxumçuluq sisteminin yenidən qurulması, innovativ texnologiyaların tətbiqi istiqamətində hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində bizim də qarşımızda vəzifələr qoyulub. Bunlardan biri də kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişaf  etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxum məhsullarına olan tələbatının daxili istehsal hesabına təmin olunmasıdır. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.  Bu gün toxumçuluq sisteminin yenidən qurulması, həmçinin  innovativ texnologiyaların tətbiqi istiqamətində  beynəlxalq təcrübədən istifadə etməklə mühüm  tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycanda  toxumçuluğun və tingciliyin inkişaf etdirilməsinə dair Dövlət  Proqramının  layihəsi hazırlanır. Bu proqram təsdiq olunduqdan sonra toxumçuluq sektoru elmi yanaşma ilə innovasiya əsasında inkişaf etdiriləcək. Eyni zamanda Dövlət Xidmətin tabeliyində 1 Respublika və 12 Regional  Toxum Sertifikatlaşdırma  Mərkəzləri (Quba, Şamaxı, Lənkəran, Sabirabad, Bərdə, Ucar, Göygöl, Tovuz, Qax, Beyləqan, Salyan, Şəki)  var ki,  bunların bir neçəsi artıq fəaliyyətə başlayıb. Laboratoriyaların 9-u müasir cihaz və avadanlıqlarla  təchiz olunub, qalan 3 mərkəz (Bərdə, Şəki və Ucar rayonları) üçün isə laboratoriya avadanlıqlarının alınmasına başlanılıb. Ölkədə istehsal olunan və əkin üçün nəzərdə tutulan bütün növ toxumlar  Toxum Sertifikatlaşdırma Mərkəzlərində analiz olunacaq, keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxumlar sertifikatlaşdırılacaq. Bəzən fermerlər təyinatı, mənşəyi bilinməyən əkin materialını bazardan alıb toxum kimi səpirlər. Bu hallar yolverilməzdir. Fermerlər sertifikatlı toxumlardan istifadə etməklə  yüksək və keyfiyyətli məhsul əldə edə bilərlər.

 

- Toxum Fondunun yaradılması bu sahənin inkişafına necə təsir edəcək?

- Cənab Prezidentin  müvafiq sərəncamı ilə 2015-ci il martın 2-də Dövlət Toxum Fondu yaradılıb. Fondun Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında gücü saatda 5 ton olan toxumtəmizləmə qurğuları tikilir. Burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması prosesləri  həyata  keçiriləcək və fermerlər  yüksək kondisiyalı toxumlarla təmin ediləcək. Təbii ki, Fondun fəaliyyətə başlaması bu sahənin inkişafına təkan verəcək.

 

- Dövlət Sort-Sınaq Məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində hansı tədbirlər həyata keçiriləcək?

- Dövlət Xidmətinin tabeliyində 1 kimya texnoloji laboratoriyası və 12 Dövlət Sort Sınaq Məntəqələri (Zaqatala, Göyçay, İsmayıllı, Gədəbəy, Qazax, Qarabağ, Ağdam, Kürdəmir, Salyan, Lənkəran, Xacmaz və Qusar) fəaliyyət göstərir. Dövlət Sort Sınaq Məntəqələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, sort sınaq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsi, dövlət reyestrində qeydiyyata alınmamış sort və hibridlərin mövcud qanunvericiliyə  uyğun  olaraq istifadəsinin  qadağan olunması, ümumiyyətlə bu sahənin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bir daha qeyd etmək istəyirəm ki, Dövlət Xidmətinin əsas  hədəfi  yerli istehsal hesabına ölkəni yüksək keyfiyyətli sertifikatlı toxumla təmin etməkdir.