XƏBƏRLƏR

ELANLAR

Bitki Sortlarının Qeydiyyatı, Toxum üzrə Dövlət Nəzarəti Xidmətində toxumçuluğun inkişafına dair respublika müşavirəsi keçirilib

 

 

Bu gün “Respublikada bitki sortlarının qeydiyyatı, toxumçuluğun mövcud vəziyyəti, problemləri və qarşıda duran vəzifələrə “ həsr olunmuş respublika müşavirəsi keçirilib. Müşavirədə respublikada toxumçuluğun mövcud vəziyyəti, problemlər və qarşıda duran vəzifələr, toxumçuluğun elmi əsaslarla inkişafı, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, dövlət sort-sınaq məntəqələrində aparılan sınaqlar və onun  nəticələrinin təhlili məsələləri müzakirə olunub.

Respublika Müşavirəsində Nazirliyinin Mərkəzi Aparatının, Dövlət Xidmətinin Mərkəzi və yerli qurumlarının, özəl və dövlət toxum istehsalçıları iştirak ediblər.

Müşavirədə çıxış edən nazir müavini İlham Quliyev toxumçuluğun inkişafının daim ölkə rəhbərinin diqqətində olduğunu və bu sahənin inkişafı ilə bağlı müvafiq sərəncam və qərarların qəbul olunduğunu nəzərə çatdırıb. Bildirib ki, cənab Prezidentin  müvafiq sərəncamı ilə 02 mart 2015-ci ci il tarixində  Dövlət Toxum Fondu yaradılmışdır. Dövlət Toxum Fondunun  saatda istehsal  gücü  5 ton olmaqla Xaçmaz, Şəki, Ağcabədi, Qobustan və Cəlilabad rayonlarında 5 toxum emalı  müəssisəsi  istifadəyə veriləcək,  burada toxumların saxlanılması, təmizlənməsi, dərmanlanması, qablaşdırılması və sair. proseslər  həyata  keçirilməklə, fermerlər  yüksək kondisiyalı toxumlarla təmin ediləcəkdir.  Eyni zamanda Dövlət Xidmətin tabeliyində 1 Respublika və 12 Regional  Toxum Sertifikatlaşdırma  Mərkəzləri (Quba, Şamaxı, Lənkəran, Sabirabad, Bərdə, Ucar, Göygöl, Tovuz, Qax, Beyləqan, Salyan, Şəki)  vardır ki,  bunlarında bir neçəsi artıq fəaliyyətə başlamışdır. Laboratoriyaların 9-u müasir cihaz və avadanlıqlarla  təchiz olunmuş, qalan 3 mərkəz (Bərdə, Beyləqan və Ucar rayonları) üçün isə laboratoriya avadanlıqlarının alınmasına başlanılmışdır. Həmçinin İlham Quliyev toxumçuluğun inkişafinda yeni yanaşmaları və innovativ texnologiyaların tətbiqi, sort-sınaq işlərinin müasir tələblər səviyyəsində həyata keçirilməsini, maddi-texnika bazasını möhkəmləndirməklə ölkənin yüksək keyfiyyətli sertifikatlı toxumla təmin olunmasını əsas hədəf kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.

Müşavirədə Bitki Sortlarının Qeydiyyatı, Toxum üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi İmran Cümşüdov Xidmətin əsas fəaliyyət istiqamətləri, görülmüş, işlər, problemlər və qarşıda duran vəzifələrə dair təqdimatla çıxış edərək, toxumçuluğun kənd təsərrüfatının strateji sahələrdən bir olduğunu və Azərbaycanda  toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsinə dair Dövlət Proqramının  layihəsi hazırlanmasını və bu proqram təsdiq olunduqdan sonra toxumçuluq sahəsi elmi yanaşma ilə innovasiya əsasında inkişaf etdirilməsi qeyd edib.

Tədbirdə toxumçu fermer Rəcəb Orucov “Özəl toxumçuluq təsərrüfatının inkişafı, mövcud problemlər və toxum istehsalında innovativ texnologiyaların tətbiqi”,  tingçi fermer, “Red Walley” MMC-nin direktoru Rəşad Şirinov “Yeni yaradılmış nar sortunun dünyada tanıdılması” mövzularında çıxışlar edərək bu sahənin inkişafı ilə bağlı müvafiq təkliflərini veriblər.

Müşavirədə Regional Toxum Sertifikatlaşdırma Mərkələrinin hər bir rayon üzrə baş aqronomunun və sort-sınaq məntəqələrinin rəhbərləri fəaliyyətlərinə dair çıxışları dinlənildi.

Müşavirənin sonunda nazir müavini İlham Quliyev bu sahənin inkişafında dönüş yaradılması, mövcud çatışmazlığın qısa zamanda aradan qaldırıması istiqamətində tövsiyə və tapşırıqlarını verib.