XƏBƏRLƏR

ELANLAR

DƏNLİ-TAXIL BİTKİLƏRİNİN APROBASİYASI DAVAM ETDİRİLİR

2017-ci ilin payızında 2018-ci ilin toxumluq məhsulu üçün 276 özəl və dövlət toxumçuluq təsərrüfatında əkilmiş 60 min hektara yaxın elit və R1 reproduksiyalı toxumluq əkin sahəsi qeydiyyata alınıb. Mövsüm ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və yerli qurumlarının mütəxəssisləri tərəfindən toxumluq əkinlərə aqrotexniki qulluğa dair (mineral gübrələrdən istifadə, yemləmə gübrəsinin verilməsi, alaqlara və xəstəliklərə qarşı mübarizə və s.) mütəmadi olaraq müvafiq tövsiyələr verilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 21 may 2018-ci il tarixli əmrinə əsasən özəl toxumçuluq təsərrüfatlarında və kənd təsərrüfatı istehsalat müəssisələrinin toxumluq əkinlərində Dövlət Reyestrində qeydiyyata alınmış taxıl sortlarının aprobasiyasına (toxumluq əkinlərin sorttəmizliyi, xəstəlik və zərərvericilərə yoluxması, alaqlanma dərəcəsi və s.) başlanılıb. Aprobasiyadan əvvəl 01 iyun 2018-ci il tarixdə Tərtər rayonunda Dövlət Xidmətinin təkilatçılığı və onun yerli qurumlarının müvafiq rayonlar üzrə baş aqronomları, Tərtər rayon Kənd Təsərrüfatı İdarəsi, Əkinçilik Elmi-tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının toxumçu alimləri və mütəxəssisləri, qonşu rayonların toxumçuluq təsərrüfatlarının nümayəndələri və fermerlərin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə aprobasiya aparacaq mütəxəssislər aprobasiya qaydaları, yeni sortlar və onların ilkin toxumçuluğunun (orjinal, superelit və elit) təşkili ilə tanış olmuş və onlara müvafiq tapşırıqlar verilib. Respublikada havaların qeyri-əlverişli keçməsinə baxmayaraq toxumluq əkinlərin 60%-dən çox hissəsinə Dövlət Xidmətinin mərkəzi aparatının və yerli qurumlarının mütəxəsisləri daxil olmaqla yaradılmış komissiyalar tərəfindən aprobasiyadan əvvəl baxış keçirilib. Respublikanın düzən və dağətəyi bölgələrində keçirilmiş baxışın nəticələrinə əsasən sorttəmizliyi, alaqlanma dərəcəsi, xəstəliklərə yoluxması və digər göstəriciləri müvafiq standartın tələblərinə cavab verməyən əkinlərin təxminən 18 faizi çıxdaş edilib. Aprobatorlar tərəfindən aprobasiyasına icazə verlmiş toxumluq əkinlərin yığılması, toxumun təmizlənməsi və kondisiyaya çatdırılması haqqında təsərrüfat rəhbərlərinə lazımı tövsiyələr verilib. Hazırda toxumluq əkinlərin aprobasiyası davam etdirilir.