XƏBƏRLƏR

ELANLAR

7 may 2018-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Toxum Sənayeçiləri və İstehsalçıları Alt Birliyi (TSÜAB) tərəfindən Türkiyə Respublikası İqtisadiyyat Nazirliyinin "Beynəlxalq Rəqabətliliyin İnkişafının Dəstəklənməsi haqqında Təşviqat" (UR-GE) proqramı olan “İç Anadolu Bölgəsinin Toxumçuluq Sektorunun İnkişaf Etdirilməsi Layihəsi” çərçivəsində əməkdaşlıq əsasında xarici marketinq fəaliyyəti ilə əlaqədar tədbirin açılış mərasimi keçirilib. Tədbirin əsas məqsədi iki ölkə arasında toxumçuluq sektorunda əməkdaşlığın inkişafına töhfə verməkdir. Türkiyənin Daxili Anadolu Bölgəsindən gələn 40 şirkət nümayəndəsi, Türkiyə Respublikası Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin baş katibi və mütəxəssisləri, Türkiyə Toxumçular Birliyinin (TÜRKTOB) rəhbəri, Türkiyə Toxum Sənayeçiləri və İstehsalçıları Alt Birliyiinin (TSÜAB) rəhbərinin müavini və bütün idarə heyətindən olan nümayəndələrlə yanaşı, TSÜAB-ın Katibliyindən olan 56 nəfərlik heyət tədbirdə iştirak edib. TSÜAB İdarə Heyətinin sədr müavini Yıldıray Gençer çıxış edərək Azərbaycanla Türkiyə arasında toxumçuluq sahəsində əməkdaşlığın və ticarətin daha da genişlənməsini və bu sektorun ölkəmizdəki inkişafına uğurlar arzulayıb. Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev Azərbaycan və Türkiyə arasında Toxumçuluq Formunun iştirakçılarını səmimi salamlayaraq bu sektorun inkişafına nazirlik tərəfindən böyük önəm verildiyini diqqətə çatdırıb. “Toxumçuluq Azərbaycan üçün mühüm və prioritet sahədir. Türkiyə təcrübəsini öyrənmək bizim üçün çox vacibdir. Bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Türkiyə daim bizə dəstək verib. Məqsədimiz Respublikamızda toxumçuluğu inkişaf etdirib fermerlərimizi daxili imkanlar hesabına təmin etməkdir”,-deyə nazir müavini əlavə edib. Türkiyənin Kənd Təsərrüfatı Qida və Heyvandarlıq Nazirliyinin Bitkiçilik İdarəsinin müdürü Müslüm Beyazgül toxumçuluq layihəsinin həyata keçirilməsində iki dost ölkə arasında əməkdaşlığın daha da inkişafına və bu layihənin uğur qazanacağına əminliyini vurğulayıb. Türkiyə Toxumçular Birliyinin rəhbəri Kamil Yılmaz layihə çərçivəsində belə təcrübələrin və layihələrin həyata keçirilməsinin vacibliyini ifadə edib. Kənd Təsəsrrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov Azərbaycanda toxumçuluq sektorunun mövcud vəziyyəti mövzusunda çıxış edib. Toplantının növbəti hissəsində isə Türkiyədən gəlmiş 40 toxumçuluq şirkətinin nümayəndələrinin Azərbaycanın müxtəlif bölgələrindən olan 37 şirkətin nümayəndələri ilə işgüzar görüşləri keçiriləcək və birgə əməkdaşlıq perspektivləri müzakirə ediləcək. Səfər proqramı çərçivəsində 8 may tarixində Türkiyədən olan nümayəndə heyətinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və "Kürdəxanı Şitil" MMC-nin fəaliyyəti ilə tanış olması planlaşdırılır.