XƏBƏRLƏR

ELANLAR

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər. Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 26-da Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında şimal rayonlarından (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüblər. Heydər Əsədov Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, həmçinin Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılan şəraitlə tanış olub, o cümlədən ən müasir avadanlıqlarla təchiz olunmuş Regional Toxumçuluq və Aqrokimya laboratoriyalarına baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya, kənd təsərrüfatı sahəsində mövcud problemlərin həll edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Kənd təsərrüfatı naziri Quba şəhərində “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 68 istifadəçiyə lizinq yolu ilə verilmiş ümumilikdə 2 milyon 197 min 47 manat məbləğində 121 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 869 min 699 manat güzəşt tətbiq edilib.

Xüsusi Komissiyanın qərarı ilə tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 31 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək 8 min 510 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 22 min 148 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına ümumilikdə 193 milyon 867 min 110 manat məbləğində güzəşt tətbiq olunub.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi də təşkil edilib. Ümumilikdə tədbir çərçivəsində 90 nəfərə yaxın mexanizatorun vəsiqəsi dəyişdirilib.

Qeyd edək ki, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində yaradılmış “Səyyar Xidmət” Qrupu yarandığı qısa müddətdə respublikanın 30-a yaxın rayonlarında tədbirlər keçirərək, 5 mindən artıq mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsini təmin edib. Bununla yanaşı, 250-dən artıq nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 100 nəfərdən çox vətəndaşdan nəzəri imtahan qəbul edilib.