XƏBƏRLƏR

ELANLAR

Sentyabrın 14-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Aqrar Elm və İnformasiya Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti Xidmətinin və FAO-nun təşkilatçılığı ilə Salyan Dövlət Sort Sınaq Məntəqəsində pambıq sortların sınağı və toxumçuluğuna dair tarla günü keçirilmişdir.

Məqsəd müxtəlif pambıq sortları, onların təsərrüfat bioloji xüsusiyyətləri, üstün cəhətləri, toxumçuluğu və kənd təsərrüfatı iqtisadiyyatının şaxələndirilməsində pambıqçılığın rolu barədə pambıq istehsalçılarına, fermerlərə, pambıqçılıqla məşğul olanlara geniş məlumat vermək və yeni sortlarla tanış olmaq olmuşdur.

Tarla günündə Kənd təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti Xidmətinin əməkdaşları, FAO-nun nümayəndələri, Salyan rayon kənd təsərrüfatı idarəsinin rəisi, özəl şirkətlərin nümayəndələri, pambıq istehsalçıları və toxumçuluğu ilə məşğul olan təsərrüfat sahibləri iştirak etmişlər.

Tarla gününü BMT-nin Kənd Təsərrüfatı və Ərzaq təşkilatının (FAO) Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbərinin müavini Təranə Bəşirova açmışdır. T.Bəşirova FAO-nun dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələrdən, xüsusilə Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında imzalanmış texniki əməkdaşlıq layihələri çərçivəsində Bitki sortların sınaq qaydalarının UPOV (Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq İttifaq) standartlarına uyğunlaşdırılması, mütəxəssislərin FOS və TFƏ sınaqları sahəsində bilik və vərdişlərinin möhkəmləndirilməsi məqsədilə keçirilmiş təlimlərdən, Xidmətin struktur bölmələrinin müasir avadanlıqlarla təmini və tarla gününün əhəmiyyətindən danışdı.

Tarla günündə “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Salyan Dövlət Sort-Sınaq Məntəqəsində sort-sınaq fəaliyyətləri” mövzusunda aqronomu Balaeyvaz Hüseynov, “Yeni yüksək məhsuldar pambıq sortları və onların toxumçuluq sistemi məhsuldarlığın əsasıdır” mövzusunda Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, “Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda seleksiya fəaliyyətləri, yerli pambıq sortlarının xarakterik xüsusiyyətləri və ilkin nəsil toxum istehsalı” mövzusunda İnstitutun şöbə müdiri Ələddin Tağıyev çıxış etmiş, iştirakçıların çoxsaylı suallarını cavablandırmışlar.

İştirakçılar sınaqda olan 29 yeni pambıq sortuna baxış keçirmiş, müxtəlif pambıq sortları, onların üstün xüsusiyyətləri, yerli və xarici sortların fərqli xüsusiyyətləri və üstünlükləri ilə tanış olmuş, fikir və maraqlı təcrübə mübadiləsi aparmışlar.

Tarla günündə yeni pambıq sortları, onların yerli şəraitə uyğunlaşması, iqlim dəyişkənlikləri fonunda potensial məhsuldarlıqları, xəstəlik və zərəvericilərə qarşı müqavimətləri, istiliyə, quraqlığa və digər stres faktorlara qarşı davamlılıq məsələləri ətrafında müzakirə və fikir mübadiləsi aparmışlar.

Yeni sortların toxumçuluq məsələləri, onların yüksək reproduksiyalı toxumlarının istehsalı və artırılmasına xüsusi önəm verilməsinin vacibliyinə geniş yer verilmişdir. Tarla günüdə iştirakçılar kənd təsərrüfatı iqtisadiyyatının və gəlirlərin şaxələndirilməsində pambıqçılığın rolu, müxtəlif pambıq sortları, onların üstün xüsusiyyətləri və toxumçuluğu barədə ətraflı məlumat əldə etmiş, fikir və təcrübə mübadiləsi aparmış, yerli və xarici sortların fərqli xüsusiyyətləri və üstünlükləri barədə müvafiq bilgilər əldə etmişlər.