XƏBƏRLƏR

ELANLAR

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin birgə həyata keçirdiyi “Azərbaycanda Toxum sektorunun inkişafina dəstək” TCP/AZE/ 3503 texniki yardım layihəsi çərçivəsində 15-19 may 2017-ci il tarixlərində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin strukturuna daxil olan Toxum Nəzarəti sektorunun və yerli qurumlarının (Regional Toxum Sertifikatlaşdırma Laboratoriyaları) əməkdaşları üçün Şəki rayonunda 5 günlük təlim keçirilmişdir.

Təlimin əsas məqsədi dənli bitkilər üzrə (buğda, arpa) tarla nəzarətinin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən, növ təmizliyini, sort təmizliyini və eyniliyini, alaq otlarının mövcud olmasını və alaqlanma dərəcəsinin, bitkinin xəstəlik və zərərvericilərlə sirayətlənməsinin sahədə yoxlanılmasının OECD (İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı) qaydalarına əsasən həyata keçirilməsi olmuşdur.

FAO-nun İsveçli beynəlxalq məsləhətçisi Ulf Nyman təlim iştirakçılarını OECD təşkilatı, onun tarla nəzarıti qaydaları və standartları ilə tanış etməklə bərabər, tarla nəzarətinin yerinə yetirilməsində sahə müşahidəsinin məqsədi və ümumi prinsipləri, bitkilərin müxtəlif fazalarında müşahidə və sahə müşahidəsi üzrə gəzinti formasını geniş şərh edərək nəzəri və praktiki nümayiş etdirmişdir.

Tarla nəzarəti prosesində nəzarət pitomnikində və toxumluq sahədə müşahidə edilməli olan müxtəlif qarışıqlar (sorta aid olmayan kənar növlər, digər ayrılmaz bitkilər, karantin alaqlar, xəstə bitkilər və s.) və onların miqdarının müəyyən edilməsi metodları haqqında ətraflı məlumat verilmişdir.

Təlimin gedişi prosesində praktiki işlərin xülasəsi və nəticələri iştirakçılar və ekspert tərəfindən geniş müzakirə edilmişdir.

Təlimin sonunda təlim iştirakçılarına müvafiq sertifikatlar verilmişdir.